CƏMİYYƏT


Qəzaya düşən avtomobildən sürücünü xilasedicilər çıxardı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1982-ci il təvəllüdlü Məmmədov Rəhman Məcid oğlunun idarə etdiyi “VAZ 21-07” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobildə sıxılmış vəziyyətdə qalan və müxtəlif bədən xəsarətləri alan sürücü xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.