CƏMİYYƏT


FHN metroda təlim keçirib

Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “Azadlıq prospekti” stansiyasında təlim keçirilib. Təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub. Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib. Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “Azadlıq prospekti” stansiyası ərazisində yerləşən 10 saylı şaxtanın idarəetmə şkafında baş vermiş şərti qısaqapanma nəticəsində şaxtada qatı tüstülənmə və yanğının yaranması barədə “məlumat daxil olub” və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən ilk olaraq stansiyanın bağlanması, tuneldə işçi işıqların yandırılması, təmas relslərindən gərginliyin kəsilməsi üçün qısaqapayıcıların pozulması, keçid qapılarının açılması işləri həyata keçirilib. Təlimə FHN-in ümumilikdə 4 ədəd texnikası və 36 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.