RƏSMİ


Qubadlı şəhərində 91 çarpayılıq Mərkəzi Xəstəxana binasının təməlinin qoyulması mərasimi keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Qubadlı şəhərində 91 çarpayılıq Mərkəzi Xəstəxana binasının təməlinin qoyulması mərasimində iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına xəstəxana binasının layihəsi barədə məlumat verildi.
Bildirildi ki, 4,5 hektardan çox ərazidə inşa olunacaq bu tibb müəssisəsi inzibati binadan, stasionar və ambulator xidmət hissələrindən ibarət olacaq. Stasionar xidmət hissəsində qəbul, terapiya, cərrahiyyə, pediatriya, doğum, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ şöbələri fəaliyyət göstərəcək. Xəstəxananın ambulator xidmət hissəsi isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələrindən, klinik diaqnostika laboratoriyasından ibarət olacaq.