RƏSMİ


Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Hadrutun turizm inkişaf konsepsiyası barədə məlumat verilib

Mayın 5-də Hadrut qəsəbəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Hadrut qəsəbəsinin turizm inkişaf konsepsiyası barədə məlumat verilib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma Hadrutda turizmin inkişaf etdirilməsi üçün Dövlət Turizm Agentliyi tərəfindən ilk növbədə qəsəbənin tarixi hissəsində mərkəzi məhəllənin bərpasının və abadlaşdırılmasının nəzərdə tutulduğu bildirildi.
Qeyd olundu ki, Hadrutun tarixi hissəsində bərpa və konservasiya işləri çərçivəsində ilkin dövrdə Qafqaz Albaniyasının tarixi-mədəni irsinə aid məbədin, onun yanındakı üç tikilinin bərpası, həmin ərazinin abadlaşdırılması planlaşdırılır. Məhz bu hissədə bərpa və konservasiya işləri gələcəkdə Hadrutda aparılacaq tarixi tikililərin bərpa işləri üçün ilkin təcrübə olacaq və digər işlər bu təcrübəyə əsaslanaraq aparılacaq.