CƏMİYYƏT


Paytaxtda “YayLand Fest” xeyriyyə yarmarkası

2023-cü ildə “Nargis” Fondu tarixində bir ilkə imza atdı və Fəvvarələr meydanında nağıllar aləminə bənzər “YayLand Fest” yarmarkasını təşkil edərək Bakının mərkəzinə yay əhval-ruhiyyəsi gətirdi. Ən önəmlisi isə, “YayLand Fest” sponsorlarının maliyyə dəstəyi və yarmarkada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən bir qrup uşağın müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf edilir.
Fəvvarələr meydanında keçirilən “YayLand Fest” 62 böyük və 20 kiçik ev, 3 ədəd iki mərtəbəli restoran, müxtəlif köşklər və tematik guşələrdən ibarətdir. Yarmarka qonaqları münasib qiymətə Qərbin və Şərqin ləzzətli təamlarını, eksklüziv suvenirlər, sərinləşdirici içki və dessertlər əldə edə, həmçinin ənənəvi yarmarka əyləncələri ilə yanaşı bədii instalyasiya, fotozona, 4D kinoteatr, qorxu otağı, yeni oyunlar və labirint otağını kəşf edə bilərlər.