CƏMİYYƏT
Qarabağ atları Vindzor Kral Atçılıq Şousunda
May ayının 11-də Birləşmiş Krallıqda ənənəvi olaraq təşkil edilən “Vindzor Kral Atçılıq Şousu” start götürüb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən xəbərə görə, Vindzor qəsrinin ərazisində keçirilən tədbirdə Azərbaycandan Britaniyaya böyük yol qət etmiş 60 nəfərdən ibarət nümayəndə heyətimizin ilk çıxışı baş tutub.
Dumanlı Albionun yağmurlu havasına baxmayaraq, 20 Qarabağ atı ilə Dövlət Sərhəd Xidmətinin rəqs ansamblı və süvarilər dəstəsi ölkəmizi növbəti dəfə yüksək səviyyədə təmsil edərək tamaşaçıların böyük rəğbətini qazanıb.
Nümayəndə heyətimizin təqdim etdiyi “Odlar Yurdu” adlı şou-kompozisiyanın əsasını Vindzor tamaşaçılarına çox yaxşı tanış olan, burada özünə heyranlar ordusu qazanmış, çılğınlığı və gözəlliyi ilə seçilən Qarabağ atları, eləcə də zərif Azərbaycan rəqsləri və ecazkar milli musiqimiz təşkil edib.