MƏDƏNİYYƏT


Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan rəsm müsabiqəsi keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə xalqımızın Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş paytaxtın ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ulu Öndəri düşünərkən” adlı rəsm müsabiqəsinə yekun vurulub. 

“Heydər Əliyev İli” çərçivəsində keçirilən müsabiqə 2 mərhələdə keçirilib, paytaxtın bütün rayonlarında keçirilən mərhələdə qalib elan edilən rəsm əsərləri şəhər mərhələsinə təqdim edilib. Ümumilikdə isə, ilkin mərhələdə 250-dən çox ümumtəhsil məktəbinin 400-ə yaxın şagirdi öz rəsmləri ilə iştirak edib və həmin mərhələdə seçilən rəsmlər müsabiqənin şəhər mərhələsində nümayiş etdirilib.

Bayramsayağı bəzədilmiş “Nizami Gəncəvi” adına mədəniyyət və istirahət parkında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndəri düşünərkən” adlı rəsm müsabiqəsində fərqlənən rəssamların əl işlərindən ibarət sərgi və müsabiqənin yekun mərasimi təşkil edilib. İştirakçıların rəsmləri tədbirin qonaqları və parka toplaşan paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb. Gənc rəssamlar öz əsərlərinin nümayisi zamanı tamaşaçılara əsərləri ilə bağlı izahlar veriblər.

Məktəblilərin müxtəlif mövzularda təqdim etdiyi rəsmlərin qiymətləndirilməsi Azərbaycan Rəssamlar İttifaqının, Rəssamlıq Akademiyasının peşəkar mütəxəssislərindən ibarət komissiya tərəfindən həyata keçirilib. Müsabiqənin şərtlərinə əsasən 3 qalibə pul mükafatı, 7  nominasiya üzrə qaliblərə sertifikatlar, müsabiqədə fərqlənən 30 iştirakçıya təşəkkürnamə və digər mükafatlar təqdim edilib.