SİYASƏT


Polşada Müstəqillik Günü, Ulu Öndərin 100 illik yubileyi və Silahlı Qüvvələri Günü təntənə ilə qeyd olunub

Müstəqillik Günü, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 105 illiyi münasibətilə Varşava Milli Filarmoniyasında ölkəmizin Polşadakı səfirliyi, Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının dəstəyi ilə rəsmi qəbul təşkil olunub. Qəbulda Polşanın xarici işlər nazirinin müavini Arkadiuş Mularçık, Polşa hökuməti, seymi və senatının, Avropa Parlamentinin üzvləri, müxtəlif dövlət qurumlarının təmsilçiləri, universitet rektorları, muzey direktorları, akademik, incəsənət, media və biznes dairələrinin nümayəndələri, bu ölkənin müftisi və dini icmalarının təmsilçiləri, Polşada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və hərbi attaşeləri, o cümlədən Azərbaycan diasporunun nümayəndələri, Polşa vətəndaşı olan həmvətənlərimiz və azərbaycanlı tələbələr iştirak ediblər. Rəsmi qəbul çərçivəsində səfirliyin təşkilatçılığı və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının dəstəyi ilə konsert proqramı təşkil olunub. Konsert proqramında Azərbaycanın Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupu çıxış edib və qonaqların böyük rəğbətini qazanıb. Konsert proqramından sonra Heydər Əliyev Fondunun hazırladığı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan və görkəmli siyasi xadimin irsini əks etdirən fotosərgi nümayiş etdirilib. Rəsmi qəbul ziyafətlə davam edib və qonaqlara Azərbaycanın milli təam və içkiləri təqdim olunub.