CƏMİYYƏT


Balakəndə 600 min manatlıq narkotik vasitə dövriyyədən çıxarılıb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən xüsusi əməliyyat zamanı yaşadığı evin həyətyanı sahəsində narkotik plantasiyası salan və narkotik vasitələrin satışını həyata keçirən ümumilikdə 19 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər ərazisində yerləşən Məhəmməd Abdullayevə məxsus evin həyətyanı sahəsində xeyli sayda çətənə kollarının becərilməsi barədə polisə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal nəzarətə götürülüb və keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində M.Abdullayev şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilərkən ümumi çəkisi 248 kiloqram olan 350 ədəd çətənə kolu, eləcə də 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.