Şəkidə evdə partlayış oldu, ana və iki övladı xəsarət aldı
17.06.2023 [20:24]
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, bu gün Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində yerləşən fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış baş verib. Hadisə zamanı 2000-ci il təvəllüdlü Şəlalə Yusifova və onun 2 azyaşlı övladı yanıq xəsarəti alıb.Xəsarət alanlar əvvəlcə Şəki Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər onlara ilkin tibbi yardım göstərib. Xəstəxananın təcili tibbi yardım bölməsinin bölmə müdiri Yeganə Quliyeva hər üç şəxsin vəziyyətləri nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki Nəriman Nərimanov adına xəstəxananın yanıq şöbəsinə göndərildiyini bildirib. Faktla bağlı araşdırma aparılır.