CƏMİYYƏT
DTX: Azərbaycanda terror aktı törətməyi planlaşdıran xarici ölkə vətəndaşı saxlanılıb
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkəmizin milli təhlükəsizliyinə və dövlət maraqlarına qarşı yönələn terror-təxribat və kəşfiyyat-pozuculuq fəaliyyəti ilə mübarizə istiqamətində əməliyyat-istintaq tədbirlərini davam etdirir.
Aparılan araşdırmalarla Əfqanıstan İslam Respublikasının vətəndaşı, 1990-cı il təvəllüdlü Favzan Musa Xanın (Fawzan Mosa Khan) digər şəxslərlə qabaqcadan əlbir olaraq Azərbaycan Respublikası ərazisində ictimai sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə partlayış, yanğın və ya digər bu kimi hadisələrlə müşayiət olunacaq, insanların həlak olması, onların sağlamlığına zərər yetirilməsi, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli halların baş verməsi ilə nəticələnəcək terror aktı törətməyi planlaşdırması müəyyən edilmişdir.