CƏMİYYƏT
FHN: Son bir ay ərzində köməksiz vəziyyətdə qalan 34 uşaq xilas edilib
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə mütəmadi olaraq azyaşlıların mənzillərdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması ilə bağlı məlumatlar daxil olur. Bütün hallarda Nazirliyin müvafiq qüvvələri tərəfindən həyata keçirilən operativ əməliyyatlar sayəsində köməksiz (təhlükəli) vəziyyətdə qalan azyaşlılar xilas olunaraq ailə üzvlərinə və ya yaxınlarına təhvil verilir. Belə ki, son bir ay ərzində FHN-in xilasediciləri tərəfindən həyata keçirilən xilasetmə əməliyyatları nəticəsində köməksiz vəziyyətdə qalan 34 uşaq xilas olunaraq ailə üzvlərinə təhvil verilib. Bu kimi hadisələrlə bağlı aparılan təhlillər onu deməyə bir daha əsas verir ki, bəzən valideynlər ən sadə səbəblərdən (qonşuya baş çəkmək, həyətdəki mağazaya düşmək və s.) azyaşlıları evdə tək qoyur və nəticədə, bir sıra hallarda qapının açılması qeyri-mümkün olduğundan xilasedicilərin köməyinə ehtiyac yaranır.