İQTİSADİYYAT
İnflyasiya və qiymətlərə nəzarət artdı
20.07.2023 [20:29]
Son dövrdə inflyasiya proseslərinin aktivləşməsi qlobal iqtisadiyyatın qarşılaşdığı əsas çağırışlardan birinə çevrilib. Azərbaycanda inflyasiyanın daxili və xüsusilə də xarici faktorlarının aktivləşməsini nəzərə alaraq, qiymət artımıyla mübarizədə mühüm işlər görülüb. Bu işlərin davamı olaraq ölkəmizdə inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinin təmin edilməsi və qiymətlərə nəzarətin daha da gücləndirilməsi məqsədilə Nazirlər Kabinetinin qərarına əsasən İşçi qrupu yaradılıb. Milli Məclisin deputatı, iqtisadçı ekspert Rüfət Quliyevin sözlərinə görə yeni yaradılan İşçi qrupunun əsas vəzifəsi istehlak səbətində olan ən vacib, gündəlik qida məhsullarının qiymətlərini tənzimləməkdən ibarət olacaq. Belə ki, bu tənzimləmələrə həmçinin süni şəkildə qiymət artımının qarşısını almaq da daxildir.