CƏMİYYƏT


Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin əməkdaşları birgə təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin birgə təşkilatçılığı ilə Bakı şəhəri, Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində fəaliyyət göstərən MMC-lərdən birinə məxsus anbar sahəsində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib. Təlimin praktiki hissəsində şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra Sabunçu rayonu DYMH-nin 23 saylı Yanğından Mühafizə Bölməsinin yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş anbar sahəsində təxliyə planına uyğun olaraq əməkdaşların təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış əməkdaşlara “ilkin yardım göstərilib”, şərti yanğın qısa müddətdə “söndürülüb”. Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.