CƏMİYYƏT


FHN: Güclü küləyin fəsadlarının qarşısı alınıb

Ötən gündən başlayaraq ölkə ərazisində müşahidə edilən güclü küləyin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri zəruri tədbirlərin görülməsini təmin ediblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, FHN-in 112 - qaynar telefon xəttinə daxil olan məlumat əsasında güclü külək səbəbindən paytaxtın Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının xarici divarına bərkidilən kondisionerin qoparaq asılı vəziyyətdə qalan mühərrik hissəsi və Səbail rayonunun Neftçilər prospektində dördmərtəbəli yaşayış binasının dam örtüyünün qoparaq asılı vəziyyətdə qalmış hissəsi dərhal əraziyə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən müvafiq qaydada götürülərək ətrafdakı insanlar üçün yaranmış təhlükə aradan qaldırılıb.