CƏMİYYƏT


Cəbrayılda quruculuq işləri

Cəbrayıl şəhərində tikinti-quruculuq işləri dörd faza üzrə həyata keçirilməsi nəzərdə tutulur. Hazırda şəhərdə 960 şagird yerlik tam orta məktəbin tikintisi sürətlə davam edir. Həmçinin yaşayış məhəlləsinin təməli qoyulub və tikinti işləri gedir. Məhəllədə 33 binanın inşası nəzərdə tutulub. 2026-cı ilin sonunadək 712 mənzilin təhvil verilməsi, həmin mənzillərdə təqribən 3800 nəfərin məskunlaşdırılması planlaşdırılır. 2040-cı ilin sonuna qədər isə Cəbrayıl şəhərində 15 min nəfərin yaşayacağı proqnozlaşdırılır. Cəbrayılın inkişaf mərhələsi şəhərlə yanaşı, ətraf kəndləri də əhatə edir. Şəhərlə paralel olaraq Horovlu, Şükürbəyli kəndlərinin, həmçinin Xudafərin qəsəbəsinin şəhərsalma əsaslandırmaları təsdiqlənib və həmin ərazilərdə də inşaat işlərinə başlanılıb. Baş planda yaşayış üçün 143 hektar ərazi ayrılıb və burada az, orta mərtəbəli binaların, həyətyanı sahəyə malik fərdi yaşayış evlərinin inşası nəzərdə tutulub. Əhalinin 82 faizinin az və orta mərtəbəli çoxmənzilli binalarda, 18 faizinin isə fərdi evlərdə yaşaması planlaşdırılıb. Yaşayış evlərinin layihələndirilməsi zamanı şəhər ərazisindən səmərəli istifadə və müasir memarlıq həlləri əsas götürülüb.