CƏMİYYƏT
Binəqədidə İran vətəndaşlarının narkokuryerliyə cəlb etdiyi şəxslər saxlanıldı
Binəqədi rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan dəstə üzvləri saxlanılıblar. Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Fəxri Həsənzadə, Tələt Muradov və qardaşı Nicat saxlanılıblar. Bu şəxslər ifadələrində narkotikləri “Kənan” adlı şəxsdən aldıqlarını bildiriblər. Əməliyyat tədbirinin davamı olaraq həmin şəxs - paytaxt sakini Kənan Səfərov da qısa zamanda saxlanılıb. Onun üzərindən, həmçinin yaşadığı ünvandan 20 kiloqram yüksək təsiredici xassəyə malik heroin, 2 kiloqram psixotrop maddə metamfetamin, 127 ədəd psixotrop tərkibli həb və elektron tərəzi aşkar edilib. Kənan Səfərov narkotik vasitələri “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından paytaxt ərazisində müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini bildirib.