İQTİSADİYYAT
Yeni piyada keçidi vətəndaşların istifadəsinə verilib
31.08.2023 [14:40]
Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən kompleks tədbirlər həyata keçirilir.
AAYDA-dan AZƏRTAC-a bildirilib ki, bu tədbirlər çərçivəsində Bakı şəhərində və magistral avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır.
Agentlik tərəfindən bu çərçivədə daha bir layihənin icrası yekunlaşıb. Belə ki, piyadaların avtomobil yolunu keçməsində problem yaşanan ərazidə, Mərdəkan-Zağulba avtomobil yolunun 8-ci kilometrində piyada keçidinin inşası yekunlaşdırılaraq, vətəndaşların istifadəsinə verilib.