CƏMİYYƏT
Qubada son 3 ayda narkotiklərlə bağlı 46 nəfər saxlanılıb
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 3 ay ərzində rayon ərazisində narkotiklərlə bağlı keçirilən əməliyyatlar zamanı 70 fakt üzrə narkotik vasitələrin əldə edilməsi, daşınması, qanunsuz dövriyyəsi, satışı, narkotik tərkibli bitkilərin kultivasiyası və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olan ümumilikdə 46 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, qanunsuz dövriyyədən ümumilikdə 11 kiloqrama yaxın marixuana, 5 kiloqrama yaxın heroin, psixotrop maddə metamfetamin və metadon həbləri, yaş halda çəkisi 37 kiloqram olan 95 ədəd çətənə kolu çıxarılıb.
Bundan başqa, rayonun müxtəlif ərazilərində keçirilən əməliyyat nəzarət-profilaktiki tədbirlər nəticəsində yabanı halda bitən 8 ton 11 min 455 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.