CƏMİYYƏT


Gözlənilən hava şəraiti ilə əlaqədar FHN əhaliyə müraciət etdi

“Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 6-sı axşamdan başlayaraq 10-u gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.