CƏMİYYƏT


Texniki baxışdan yayınmaq üçün müxtəlif üsullara əl atan sürücülər aşkarlanıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polis İdarəsinin Müayinə Mərkəzinin əməkdaşları tərəfindən idarə etdiyi yük avtomobilinin dövlət qeydiyyat nişanlarına müdaxilə edən sürücülər aşkarlanıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmin sürücülərin qanunvericiliyin tələblərini pozaraq, “Zil” markalı nəqliyyat vasitəsinə təhkim olunmuş 62-BD-589 dövlət qeydiyyat nişanlarında “9” rəqəmini boya vasitəsilə dəyişərək “8” rəqəminə çevirdiyi və 01-BM-688 qeydiyyat nişanlı "KamAZ" markalı nəqliyyat vasitəsinin qeydiyyat nişanına palçıq sürtərək görünüşü çətinləşdirdiyi məlum olub. Hər iki sürücü Baş Dövlət Yol Polisi İdarəsinin Xüsusi Tağımının əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilib.