MƏDƏNİYYƏT


Mədəniyyət naziri Adil Kərimli Çində keçirilən forumda çıxış edib

Çinin Dunhuan şəhərində keçirilən 6-cı Beynəlxalq İpək Yolu Mədəniyyət Sərgisi çərçivəsində İpək Yolu mədəni irsi və yeni sivilizasiya formasının qurulmasına dair Forum təşkil olunub.

Forumda çıxış edən Azərbaycanın mədəniyyət naziri Adil Kərimli qeyd etdi ki, İpək Yolu boyu xalqların milli mədəni dəyərlərinin qorunub saxlanılması, ənənələrə və birgə məqsədlərə sadiqlik xüsusilə qloballaşma dövründə dünya sivilizasiyasının sabitliyi və tərəqqisinə böyük töhfə verir. Azərbaycanın mədəniyyətlər arasında dialoqa da xüsusi önəm verdiyini diqqətə çatdıran nazir Adil Kərimli Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən “Bakı Prosesi” haqqında məlumat verdi. Bildirdi ki, hazırda BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ICESCO-nun tərəfdaş olduğu Bakı Prosesi qlobal mədəniyyətlərarası dialoq platformasına çevrilib.
Daha sonra Azərbaycanın incəsənət ustaları sərginin bədii hissəsində mahnılarımızı, rəqslərimiz ifa ediblər. Sənətçilərimizin ifası böyük maraq və alqışlarla qarşılandı.