CƏMİYYƏT
Balakəndə baş vermiş təbii fəlakətin nəticələri aradan qaldırılır
Balakən rayonunda sentyabrın 7-də baş vermiş təbii fəlakətin – güclü qasırğanın törətdiyi fəsadların nəticələrinin aradan qaldırılması istiqamətində Balakən Rayon İcra Hakimiyyəti, bələdiyyələr, aidiyyəti dövlət qurumları tərəfindən dərhal zəruri tədbirlərə başlanılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon fövqəladə hallar komissiyasının sədri Turan Dibirov məlumat verib.
Qurumun rəsmisinin sözlərinə görə, komissiya tərəfindən yerlərə baxış keçirilib. Hazırda rayon mərkəzinə və kəndlərə, eləcə də ayrı-ayrı təsərrüfatlara dəymiş ziyanın həcminin müəyyən edilməsi məqsədilə iş aparılır. Beşmərtəbəli çoxmənzilli yaşayış binasının dam örtüyünün təmir-bərpası işləri həyata keçirilir. Eyni zamanda, Katex kəndində evləri zərər görmüş vətəndaşlara ilkin olaraq 1000-dən çox şifer paylanılıb.