SİYASƏT
Azərbaycan Ordusunun Baş Qərargah rəisi türkiyəli həmkarı ilə görüşüb
Qardaş ölkədə rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərə - Anıtqəbiri ziyarət olunub. Azərbaycan nümayəndə heyəti məzar önünə əklil qoyaraq xatirəsini ehtiramla yad edib. Baş Qərargah rəisi xatirə kitabına ürək sözlərini yazıb.
Sonra general-polkovnik K.Vəliyev türkiyəli həmkarı ilə görüşüb. Əvvəlcə təntənəli qarşılama mərasimi olub, hər iki ölkənin Baş Qərargah rəisləri fəxri qarovulun önündən keçib, dövlət himnləri səsləndirilib.
Protokola uyğun olaraq şərəf kitabı imzalanıb.
Rəsmi qarşılanma mərasimindən sonra Baş Qərargah rəislərinin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.