CƏMİYYƏT


Torpağa basdırılmış tapança və əl qumbarası tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu ərazisində hərbi sursatın basdırılması barədə məlumat daxil olub.

FHN-dən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı basdırılmış sursatların döyüş tətbiqinə yararlı 1 ədəd Makarov tipli tapança, 1 ədəd RQN əl qumbarası və partladıcısı olduğu müəyyən edilib.Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.