Azərbaycan Dövlət İnformasiya Agentliyi

"Gənc Mülki Müdafiəçilər” düşərgəsi təşkil olunub

12.09.2023 [17:35]

Fövqəladə Hallar Nazirliyi və “İRƏLİ” İctimai Birliyinin birgə təşkilatçılığı ilə vətəndaş cəmiyyətinin fövqəladə hallara effektiv cavab verməsi, gənclərdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi, onların mülki müdafiə sahəsində biliklərinin, təbii və texnogen xarakterli fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə “Gənc Mülki Müdafiəçilər” düşərgəsi təşkil olunub.
Düşərgədə iştirak edən 100 nəfər gənc mülki müdafiə və fövqəladə hallarla mübarizənin müxtəlif istiqamətləri üzrə nəzəri və praktiki təlimlərə cəlb olunacaqlar. Bu çərçivədə, “Gənc Mülki Müdafiəçilər” düşərgəsinin iştirakçıları kollektiv mühafizə qurğularından istifadə, yanğın təhlükəsizliyinin təmin olunması, çadır şəhərciyinin qurulması, axtarış-xilasetmə işinin təşkili, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi, xilasetmə alət və avadanlıqlardan istifadə qaydaları və digər sahələr üzrə nəzəri və praktiki biliklərə yiyələnəcəklər.