CƏMİYYƏT


Bakıda qida standartlarının təkmilləşdirilməsinə dair beynəlxalq tədbirə start verilib

Bu gün Bakıda “Avropa və Mərkəzi Asiyada Qida standartlarının təkmilləşdirilməsi və Kodeks Alimentariusun fəaliyyətində iştirakın genişləndirilməsi” mövzusunda ikigünlük beynəlxalq tədbir işə başlayıb.
AZƏRTAC xəbər verir ki, 15-ə yaxın ölkəni təmsil edən nümayəndələrin iştirakı ilə keçirilən tədbirə Azərbaycan Respublikasının müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri, həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Ümumdünya Ticarət Təşkilatı (ÜTT), UNICEF, Avropa Komissiyası, Dünya Bankı və digər nüfuzlu qurumların ümumilikdə 60-dan çox nümayəndəsi qatılıb. Tədbirdə qida təhlükəsizliyi standartları diqqət mərkəzində saxlanılır, regionda Kodeksdən istifadə və Kodeksdə iştirakla bağlı irəliləyişlər və problemlər müzakirə edilir və “Vahid Sağlamlıq” konsepsiyası çərçivəsində qida təhlükəsizliyinin müvafiq aspektləri nəzərdən keçirilir.