RƏSMİ


Prezident İlham Əliyev BP şirkətinin İdarə Heyətinin sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də BP şirkətinin İdarə Heyətinin sədri Helqe Landı qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasında iştirak edən şirkətin sabiq baş icraçı direktoru Lord Con Filip Braun iştirak ediblər.
Söhbət zamanı 20 sentyabr – “Əsrin müqaviləsi”nin imzalandığı günün önəmi qeyd edildi, bunun ölkəmizin inkişaf tarixində çox mühüm bir səhifə olduğu vurğulandı. Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin imzalandığı və Azərbaycanda neft işçilərinin peşə bayramı kimi qeyd edilən Neftçilər Günündə bu görüşdə BP şirkətinin rəhbərliyinin, həmçinin tarixi müqavilənin birbaşa iştirakçısı və uzun illər BP şirkətinin rəhbəri olan Lord Con Filip Braunun iştirakını yüksək qiymətləndirərək, Azərbaycan ilə şirkət arasında həyata keçirilən uzunmüddətli sıx, səmərəli və strateji əməkdaşlığın tarixinə toxundu. Dövlətimizin başçısı bunu investorlar və investisiya qoyulan ölkə arasında olan əməkdaşlığın yaxşı nümunəsi kimi dəyərləndirdi və bu əməkdaşlığın qarşılıqlı inam, etimad və faydaya əsaslandığını məmnunluqla qeyd etdi.