SİYASƏT


DTX Qarabağ bölgəsinin erməni əhalisinə müraciət edib

Məlum olduğu kimi, cari ilin 19-20 sentyabrında Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində qanunsuz erməni silahlı birləşmələrinin terror-təxribat əməllərinə son qoyulması və tərk-silah edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirilib, terrorçu dəstələr təslim olmağa məcbur edilib.
Ötən müddətdə davam etmiş terror-təxribat əməllərini, o cümlədən sentyabrın 19-da Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrliyində və Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minalar yerləşdirərək iki mülki şəxsin və dörd polis nəfərinin həlak olması ilə nəticələnən terror əməllərini qanunsuz mütəşəkkil silahlı birləşmənin tərkibində iştirak edərək törətməkdə şübhəli bilinən müvafiq şəxslər həmin antiterror tədbirləri zamanı sentyabrın 20-də tərk-silah edilərək saxlanılıb.