CƏMİYYƏT
DTX: Ruben Vardanyan təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ötən müddət ərzində törədilmiş çoxsaylı terrorçuluq cinayətlərinin araşdırılması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ibtidai istintaq aparılır.
DTX-nin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplanılmış sübutlarla, hazırda Ermənistan Respublikasının vətəndaşı olan 1968-ci il təvəllüdlü Vardanyan Ruben Karlenoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilmişdir.