CƏMİYYƏT
Kamran Əliyev: Lokal antiterror tədbirlərindən sonra Azərbaycana qarşı cinayət törədən ermənilərin həbsi daha da sürətlənib
Azərbaycana qarşı cinayətlər törədən erməni separatçılarının həbs olunması prosesi son zamanlar sürətlənib.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Baş prokuror Kamran Əliyev deyib.
Onun sözlərinə görə, Qarabağ münaqişəsi başlayandan prokurorluq orqanları, o cümlədən digər hüquq-mühafizə orqanları tərəfindən erməni separatçıları, hərbi birləşmələrinin törətdikləri bütün cinayətlər sənədləşdirilib və sübutlar toplanılıb: "Şərti olaraq həmin cinayətləri dörd qrupa bölə bilərik. Birinci Qarabağ müharibəsi dövründə törədilmiş hərbi cinayətlər, insanlıq, sülh əleyhinə, dinc əhaliyə qarşı törədilmiş terror cinayətləri və digər xarakterli cinayətlər. İkincisi, atəşkəs elan olunandan İkinci Qarabağ müharibəsinə qədər olan dövrdür. Həmin dövrdə atəşkəs elan olunmasına baxmayaraq, erməni qanunsuz silahlı birləşmələri tərəfindən hərbçilərimizə və dinc əhalimizə qarşı cinayətlər törədilirdi. Həmin cinayətlər hamısı qeydə alınırdı, sənədləşdirilirdi və zəruri sübutlar toplanılırdı. Üçüncü kateqoriya 44 günlük Vətən müharibəsi dövründə törədilmiş cinayətlərdir ki, bunlar da həmin dövrdə tərəfimizdən sənədləşdirilib və sübutlar toplanılıb. Dördüncü kateqoriya Vətən müharibəsi başa çatdıqdan sonra 10 noyabr 2020-ci ildən sonrakı dövrü əhatə edir”.