CƏMİYYƏT
Xocalıya və Xankəndiyə Böyük Qayıdışın təşkili ilə bağlı hazırlıq işləri aparılır
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Goranboy rayonunda müvəqqəti məskunlaşmış, Xocalı və Xankəndidən olan məcburi köçkünlərlə görüşüb. Görüşdə Xocalı İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, məcburi köçkün icmalarının nümayəndələri, ziyalılar, ictimai fəallar iştirak ediblər.
Goranboy şəhəri yaxınlığında məcburi köçkünlər üçün salınmış yaşayış məhəlləsində və Ağcakənd qəsəbəsində keçirilən hər iki görüşdə şəhidlərin xatirəsi ehtiramla yad edilib, torpaqlarımızın işğaldan azad edilməsində, ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam təmin olunmasında vətənpərvərlik nümunəsi göstərən hərbçilərimizin xidmətləri yüksək dəyərləndirilib, özünün mükəmməl siyasəti, diplomat və sərkərdə istedadı ilə xalqımıza böyük Zəfər qazandıran Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə məcburi köçkünlər adından dərin minnətdarlıq bildirilib.