SİYASƏT
Qarabağda qanunsuz silahlı birləşmələrin fəaliyyətini təşkil edən şəxslər həbs edilib
Azərbaycan Respublikasının Qarabağ bölgəsində fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmələrin ötən müddətdə törətdikləri terrorçuluq əməlləri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi davam etdirilir.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında bildirilir.
Qeyd edilir ki, araşdırmalar zamanı Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki və İşxanyan Davit Rubeni tərəfindən Azərbaycan Respublikası ərazisində müvafiq olaraq qondarma “Dağlıq Qarabağ Respublikasının prezidentləri” və “prezidenti vəzifəsinin müvəqqəti icraçısı” və digər adlar altında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılması və fəaliyyətinin təşkilinə, habelə idarələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə insanların həlak olmasına və digər ağır nəticələrə səbəb olan basqınlar təşkil edən həmin qanunsuz silahlı birləşmələrin silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz edilməsinə, mütəşəkkil dəstə halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrinin, döyüş sursatı, partlayıcı qurğular əldə edilməsinə, başqasına verilməsinə, saxlanılmasına, daşınmasına və gəzdirilməsinə, pul vəsaitlərini və digər əmlakı tamamilə və qismən, bilavasitə və dolayısı ilə həmin qanunsuz silahlı birləşmələrin terror aktları törətməsi istiqamətində istifadə edəcəyini bilərək həmin məqsədlə qəsdən toplamaq, ayırmaq və verməklə terrorçuluğun maliyyələşdirilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.