CƏMİYYƏT


Oğurladığı mal-qaranı qonşusunun həyətində saxladı

Tovuzda mal-qara oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsinə rayonun Azaflı kənd sakininə məxsus tövlədən ümumi dəyəri 7628 manat olan 31 baş xırda buynuzlu heyvanın oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Nizaməddin Tağıyev maddi sübutlarla birlikdə saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, şübhəli şəxs oğurladığı qoyunları qonşusunun həyətində saxlayıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.