CƏMİYYƏT


Hansı məhbuslar 7 günlük məzuniyyətə buraxılacaq REPORTAJ

Azərbaycanda qanunçuluq, demokratiya və humanizm prinsiplərinə, dünya təcrübəsinə əsaslanan ədliyyə sisteminin yaradılması istiqamətində aparılan islahatlar davam edir. Cəza-icra siyasəti humanistləşdirilərək məhkumların və təqsirləndirilən şəxslərin hüquq və imtiyazları genişləndirilir. Onların saxlanma şəraiti, qida, tibbi və digər təminatları yaxşılaşdırılır. Məhkumların əvvəllər də cəzaçəkmə müəssisələrinin (CM) hüdudlarından kənara çıxma praktikası olub. Hazırda isə mövcud qanunun daha da geniş formada tətbiq edilməsinə başlanılıb. Belə ki, ümumi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkən və ilk dəfə az ağır, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunan, müsbət xarakterizə edilən, əməyə cəlb olunan və yaxşılaşdırılmış şəraitə keçirilmiş məhkumlar 7 günədək ailə üzvlərinin yaşadığı ünvana, yəni məzuniyyət dövründə CM-in hüdudlarından kənara qısamüddətli səfərə buraxıla bilər.