Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətəndaşlara məxsus bank kartlarından dələduzluq yolu ilə pul oğurlayan şəxs saxlanılıb

17.11.2023 [12:38]

Xəbərin mətni

Quba Rayon Polis Şöbəsinin Kibercinayətkarlıqla Mübarizə qrupunun əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhər sakini Asif Səmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, o, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə digər şəxslərə məxsus bank kartlarının üzərində olan kodları müxtəlif yollarla əldə edərək uzun müddət ərzində Bakı şəhərində və respublikanın bir neçə rayonunda vətəndaşların pullarını mənimsəyib.