SİYASƏT


MSK-nın iclasında daha altı nəfərin prezidentliyə namizədliyi təsdiqlənib

Dekabrın 21-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 2023-cü il 16 dekabr tarixli iclasının protokolu təsdiq olunub.
MSK Katibliyinin Media və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, sonra 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliklərin irəli sürülməsi ilə əlaqədar məsələlərə baxılıb. Namizədliyi özü tərəfindən irəli sürülmüş Zahid Məhərrəm oğlu Orucun, namizədliyi Böyük Quruluş Partiyası tərəfindən irəli sürülmüş Fazil Qəzənfər oğlu Mustafanın, namizədliyi özü tərəfindən irəli sürülmüş Fuad Ağası oğlu Əliyevin, namizədliyi Böyük Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Elşad Nəbi oğlu Musayevin, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Müzəffər oğlu Həsənquliyevin və namizədliyi Milli Cəbhə Partiyası tərəfindən irəli sürülmüş Razi Qulaməli oğlu Nurullayevin namizədliyinin irəli sürülməsi təsdiq edilib.