CƏMİYYƏT


Hədəf yaxın gələcəkdə istehsalı daha da artırmaqdır – Gəncə tekstil fabrikindən REPORTAJ

Bu gün “Gəncə Tekstil” ASC-də daxili bazarın sifarişi əsasında aylıq 700-800 milyon metr tənzif istehsal olunur. Gələcək hədəfimiz bu rəqəmi daha da artırmaqdır. Hələ ki, sifarişlərimiz daxili bazar üçündür. Əgər tələbat olarsa, xarici bazar üçün də mallar istehsal edə bilərik.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində “Gəncə Tekstil” Açıq Səhmdar Cəmiyyətinin istehsalat müdiri Muxtar Yusibov deyib. 1926-cı ildə təməli qoyulan müəssisə müstəqilliyimizin ilk illərində digər sənaye müəssisələri kimi özünün tənəzzül dövrünü yaşamışdır. İldən-ilə geri gedərək tənəzzülə uğramış, uzun illər burada çalışan yüksəkixtisaslı kadrlar, eləcə də fəhlələr işdən çıxaraq digər sahələrdə iş axtarmalı olmuşlar. Ulu Öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra özəl sektorun inkişafına göstərilən diqqət və qayğı nəticəsində müəssisə yenidən fəaliyyətini davam etdirməyə başlamış, inkişaf etmiş ölkələrdən qısa vaxt ərzində müasir avadanlıq gətirilmiş və yeni ixtisaslı kadr hazırlığına start verilmişdir.