RƏSMİ
Gəncə şəhər stadionunun təməli qoyulub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə şəhər stadionunun təməlini qoyub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına stadionda yaradılacaq şərait barədə məlumat verildi.
Bildirildi ki, 1959-1963-cü illərdə inşa edilən Gəncə şəhər stadionu 1964-cü ildə istismara verilib. Son illərdə stadionun tamaşaçı tribunaları yararsız vəziyyətə düşdüyündən və texniki cəhətdən istismarı mümkün olmadığından fəaliyyəti qismən həyata keçirilirdi. Stadionun ərazisində köməkçi məşq meydançaları və futbol akademiyası binası tikilib.
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli Sərəncamına əsasən, Gəncə şəhər stadionunun yenidən qurulması işlərinin layihələndirilməsi və həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan ilkin olaraq bir milyon manat ayrılıb. Stadionun layihələndirmə işləri artıq başa çatdırılıb.