İDMAN


Laçında “Mərkiz” futbol klubu fəaliyyətə başlayıb

Laçında məktəblilərin və gənclərin asudə vaxtının səmərəli təşkili və idmana marağı olan istedadların kəşf edilməsi məqsədi ilə futbol klubu yaradılıb. “Mərkiz” adlı futbol klubunun növbəti ildən birinci liqada yarışlara qatılması planlaşdırılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçında yeni yaradılan futbol klubu öz adını Laçındakı Mərkiz dağından götürür. Klub rəhbəri Elvin Salahov açıqlamasında bildirib ki, futbolun inkişafı üçün Laçında lazımı şərait var və Bakı Abadlıq Xidməti MMC-tərəfindən müasir standartlara uyğun inşa edilən stadionda süni və təbii örtüklü meydançalar, peşəkar məşqlərin keçirilməsi üçün tam yararlıdır. Hazırda müxtəlif yaş qruplarından 50-ə yaxın yeniyetmə və gənc peşəkar məşqçilər tərəfindən futbola cəlb olunub. Qarşıdakı hədəf isə gələn ildən “Mərkiz” futbol klubu adı ilə Laçını birinci liqada təmsil etməkdir.