SİYASƏT


Londonda hüquq şirkəti qurmuş azərbaycanlı vəkil: Elə olub ki, milyonlarla funt sterlinq təzminat almışıq

Londonun ən mərkəzi və paytaxt zənginlərinin ən çox baş çəkdiyi ərazilərdən birinə - Meyfeir adlanan bölgəyə üz tuturam. Dəfələrlə gəldiyim bu yerə bu gün daha başqa bir gözlə baxıram; çünki bu dəfə təkcə gəzmək üçün gəlməmişəm… Soydaşlarımızdan birinin burada ofisi var, “nə gözəl” deyə fəxr və qürur hissi yaşayıram.

Bugünkü müsahibimiz Rauf Xəlilov 24 ildir ki, Londonda yaşayır və 2013-cü ildən bəridir onun “Mergul Law” adlanan şirkəti Londonda fəaliyyət göstərir. O, həmçinin bir neçə il öncə ingilis dilində iki uşaq kitabı yazıb, Londondakı Azərbaycan məktəbində də həftə sonları azərbaycanlı uşaqlara şahmat dərsi keçir.