İQTİSADİYYAT


Bakı Forumunda “Üfüqləri birləşdirərək: İpək yolu proqramının müasir trendləri və qlobal təsiri” mövzusunda panel iclası keçirilib

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 2-də Azərbaycanın Mərakeş Krallığındakı, eyni zamanda, Qambiyadakı səfiri Nazim Səmədovun moderatorluğu ilə “Üfüqləri birləşdirərək: İpək yolu proqramının müasir trendləri və qlobal təsiri” mövzusunda 8-ci panel sessiya keçirilib. AZƏRTAC xəbər verir ki, mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında tarixi İpək yolunun bərpasının Avropa, Qara dəniz, Xəzər dənizi və Asiya regionlarında təbii ehtiyatlardan istifadəyə və qarşılıqlı faydalı əməkdaşlığa hər zaman kömək etdiyini bildirib. Azərbaycanın mövcud zəngin təbii xammal ehtiyatı və Avropadan Asiyaya uzanan ticarət yollarında əlverişli coğrafi mövqedə yerləşməsi onun dünya birliyində nüfuzunun güclənməsinə imkan verib. Böyük İpək yolunun inkişafı təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının dirçəlməsində, onun mənəvi oyanışı və inteqrasiya prosesində misilsiz rola malikdir.