İDMAN


Amputant futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının finalında iştirak edəcək

Amputant futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatına hazırlıq çərçivəsində Quba və Xaçmazda təlim-məşq toplanışı keçir. Təlimin daha faydalı olması üçün məşqlərə Türkiyənin Orta Doğu Texniki Universitetinin İdman Klubunun amputant futbolçuları da cəlb edilib. Hazırlıq çərçivəsində mayın 23-də Xaçmazın Qoçaqlı kənd stadionunda amputant futbol komandalar arasında növbəti yoxlama oyunu təşkil olunub. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyun 2:2 hesabı ilə başa çatıb. Azərbaycan milli komandasının rəhbəri Elnur Sadıqov bildirib ki, futbolçularımız iyunun 1-8-də Fransanın Evian şəhərində təşkil olunacaq Avropa çempionatının final mərhələsində iştirak edəcək. İşğaldan azad edilmiş ərazilərimizdə düşmən tərəfindən basdırılan minaların partlaması nəticəsində xəsarət alan şəxslərdən ibarət komandamız Avropa çempionatının final mərhələsinə ilk dəfə qatılır.