SİYASƏT


AZƏRTAC XƏBƏR VERİR: AZƏRTAC Fransa hakimiyyətinin jurnalistə qarşı qərəzli mövqeyini pisləyir

Fransa hakimiyyəti Azərbaycana qarşı qərəzli siyasətini media nümayəndələrinə də tətbiq etməyə başlayıb. Belə ki, Almaniyanın Bonn şəhərində keçirilən seminarda iştirak etmək üçün AZƏRTAC-ın ezam olunan əməkdaşının Şengen ərazisinə girişi iyunun 11-də Fransanın qeyri-qanuni və əsassız sifarişi əsasında bloklanıb. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) Katibliyinin təşkilatçılığı ilə keçirilən tədbirə dünyanın bir çox ölkələrindən jurnalistlər dəvət edilib. Köln/Bonn hava limanında əməkdaşımız Aygün Həsənovaya bildirilib ki, Fransa tərəfindən onun Şengen ərazisinə daxil olması yasaqlanıb. Çoxgirişli Şengen vizası, seminara dəvət və digər sənədlərin qaydasında olduğunu görən Almaniyanın rəsmi qurumları da bu məsələni araşdırmaq qərarına gəliblər.