İQTİSADİYYAT


Şuşada azad edilmiş ərazilərdə biznes imkanlarına dair panel müzakirələr keçirilib

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” mövzusunda tədbir çərçivəsində biznes və dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə panel müzakirələr təşkil olunub.
AZƏRTAC xəbər verir ki, “İşğaldan azad edilmiş ərazilərdə güzəşt və azadolmalar, dəstək tədbirləri” mövzusunda paneldə Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev tərəfindən azad edilmiş ərazilərin cəlbediciliyini artırmaq üçün təqdim edilən güzəşt və dəstək tədbirləri barədə məlumat verilib.