RƏSMİ


Astanada Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü keçirilib

İyulun 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dedi:
-Hörmətli İlham Heydər oğlu.
Sizi Astanada səmimi-qəlbdən salamlayıram. Sizi görməyimə şadam. Bakıya, Şuşaya səfərimi daim xatırlayıram. Həqiqətən bu, dönüş yaradan, mühüm, mübaliğəsiz demək olar ki, həm də öz əhəmiyyətinə görə tarixi səfər idi. Danışıqlar əsnasında qarşılıqlı fəaliyyətimizin, hətta deyərdim ki, bir sıra strateji sahələrdə əməkdaşlığın və qarşılıqlı fəaliyyətin gələcək inkişafına böyük impuls verdik. Mübaliğəsiz deyə bilərik ki, əməkdaşlığımız, qarşılıqlı fəaliyyətimiz strateji əhəmiyyət daşıyır.
Sizi qonaq qismində Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında görməkdən məmnunam. Bəlkə də bir müddət sonra Azərbaycan ŞƏT-in tamhüquqlu üzvü olacaq. Hər halda, Qazaxıstan buna etiraz etmir, əksinə, Sizin tərəfinizdən müvafiq istək varsa, onu dəstəkləyir.
Qazaxıstanda Sizi Azərbaycanın şəksiz Lideri, görkəmli dövlət xadimlərindən biri kimi tanıyırlar. Açıq deyirəm ki, biz Qazaxıstanda Sizin ölkənizdə baş verən bütün dəyişiklikləri böyük maraqla izləyirik, bu dəyişikliklərə ürəkdən sevinirik. Əlbəttə, sözsüz ki, burada Sizin böyük şəxsi rolunuz var və onu yüksək qiymətləndiririk.
Qazaxıstan ərazisində Ermənistanla danışıqlar üçün platforma təqdim etmək təklifimizə dərhal razılıq verdiyinizə görə Sizə minnətdaram. İlk danışıqlar Almatıda baş tutdu. Onlar kifayət qədər uğurlu, hər halda faydalı oldu.
Azərbaycana səfərimin nəticələrinə qayıdaraq deməliyəm ki, hazırda biz əldə olunmuş razılaşmaların həyata keçirilməsi üzərində işləyirik. Əslində, biz burada - ŞƏT çərçivəsində görüşsək də, bu, əməkdaşlığımızla bağlı bütün məsələlər üzrə tamformatlı danışıqlardır. Ona görə də indi sözü Sizə vermək istərdim.