SİYASƏT
AZƏRTAC XƏBƏR VERİR: MSK-da müşavirə keçirilib
10.07.2024 [18:43]
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” rəhbər tutulmaqla hazırlanan və seçki iştirakçıları üçün müxtəlif istiqamətləri əhatə edən maarifləndirmə proqramına uyğun olaraq, iyulun 10-da ilk tədbir – ölkə üzrə bütün dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilib.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov tədbiri giriş sözü ilə açaraq xatırladıb ki, Azərbaycan Prezidenti iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib. Seçkilər təyin oldunduqdan sonra bu prosesə məsul olan orqan kimi MSK fəaliyyətə başlayıb və tədbirlər planı hazırlanaraq ictimailəşdirilib. MSK təqvim planına uyğun olaraq işlərini qurur.