Bakıda “Azərbaycan Milli Mətbuatı-149” adlı tədbir keçirilib
19.07.2024 [15:58]
İyulun 19-da Bakıda “Azərbaycan Milli Mətbuatı-149” adlı tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Audiovizual Şurasının, Medianın İnkişafı Agentliyinin (MEDİA), Mətbuat Şurasının birgə təşkilatçılığı ilə reallaşan tədbir Dövlət Himnimizin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov bildirib ki, 149 il bundan əvvəl Azərbaycan dilində “Əkinçi” qəzeti işıq üzü görüb. “Əkinçi” qəzetini ərsəyə gətirən, onun həm redaktoru, həm də naşiri olan Həsən bəy Zərdabi böyük bir bünövrə qoyub. Sonrakı 149 ildə Azərbaycan mətbuatı çətinliklərə baxmayaraq, həmin bünövrə üzərində sürətli inkişaf yolu keçib və uğurlar qazanıb.