SİYASƏT
Azərbaycan Qazaxıstan ilə əməkdaşlığa böyük önəm verir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etmək üçün avqustun 8-də Qazaxıstana səfərə gəlib.
Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentini Qazaxıstanın Baş naziri Oljas Bektenov və digər rəsmi şəxslər qarşılayıb.
Azərbaycan Respublikası Mərkəzi Asiya regionu, xüsusilə də Qazaxıstan Respublikası ilə əməkdaşlığa böyük önəm verir.
Azərbaycan və Qazaxıstan arasındakı ikitərəfli münasibətlər ticari-iqtisadi və mədəni-humanitar əməkdaşlığın bütün sahələrində inkişaf edir. Hökumətlər neft-qaz, nəqliyyat-logistika, rəqəmsal kommunikasiyalar kimi prioritet sahələrdə birgə layihələr həyata keçirirlər.
Qeyd edək ki, Mərkəzi Asiya dövlət başçılarının məsləhətləşmə görüşləri 2018-ci ildən keçirilir və regionda əməkdaşlığın genişləndirilməsinə yönəlib. Bu platforma ölkələr arasındakı dialoqu və qarşılıqlı anlaşmanı daha da gücləndirmək imkanı yaradır.