İQTİSADİYYAT
8 Noyabr prospektində əsaslı təmir işləri davam etdirilir
Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 8 Noyabr prospektində əsaslı təmir işləri sürətlə və keyfiyyətlə davam etdirilir.
AAYDA-dan AZƏRTAC-a bildirilib ki, paytaxtın əsas prospektlərindən biri sayılan və uzunluğu 10 kilometr olan 8 Noyabr prospekti uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə olunurdu. Bu isə paytaxtın əsas işlək prospekti ilə rahat hərəkətə maneə yaradırdı. Layihə üzrə aparılan əsaslı təmir işləri çərçivəsində nəqliyyat vasitələrinin sürətli və maneəsiz hərəkətini təmin etmək, eləcə də yolun fasiləsiz olaraq yüksək hərəkətli buraxma qabiliyyətinin təmin edilməsi məqsədilə 8 zolaqlı (4 gediş, 4 gəliş) hərəkət hissəsinin, velosiped zolağının, bufer zonasının və səkilərin tikintisi işləri yerinə yetirilir.